Ankarada “YAŞAT” Fondu ilə Azərbaycanlı iş adamları arasında səmərəli əməkdaşlığın perspektivləri müzakirə olunub
Ankarada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları arasında görüş keçirilib.
Görüş Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında baş tutub.
Əvvəlcə TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar görüşün məqsədi barədə ətraflı məlumat verib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı rəşadəti tarixi hadisə kimi dəyərləndirən professor Aygün Attar bildirib ki, torpaqlarımızın azadlığı naminə dövlətimiz qətiyyətli mövqeyi, xalqımızın və Ordumuzun birliyi, gücü, şücaəti ilə qələbə qazanılıb. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcu və mənəvi missiyasıdır.
Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət agentliyinin yaranması və inkişaf yolu, agentliyin tabeliyində olan qurumlar və onların funksiyaları barədə müfəssəl məlumat verib.
Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (“YAŞAT”) hüquqi funksiyasından bəhs edən dövlət agentliyinin rəhbəri diqqətə çatdırıb ki, “YAŞAT” Fondunun şəffaf və səmərəli idarəetmə ilə fəaliyyəti qarşıda duran ən mühüm vəzifələrdəndir. Şəhid ailələri və qazilərimizin sosial həyatı üçün görülən işlər və şəffaflıq göstəricilərinə dair nümunələri təqdim edən Ülvi Mehdiyev şəhid və qazi övladlarının vətənpərvər böyüməsi, yüksək təhsil alması, onların cəmiyyətimizdə daim sağlam mövqedə dayanmasını təmin etmək “YAŞAT” Fondunun fəaliyyətinin mühüm istiqamətidir. O bildirib ki, Fondda çalışanların hamısı şəhid və qazilərin ailə üzvləridir.
Görüşdə “YAŞAT” Fondu ilə iş adamları arasında səmərəli əməkdaşlığın perspektivlərinə dair faydalı diskussiya aparılıb.
Qırx dörd günlük Vətən müharibəsinin şanlı zəfəri dövlətçilik tariximizin ən parlaq səhifəsi kimi dəyərləndirilib. Qeyd olunub ki, ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımız Vətən müharibəsi günlərində dövlətimizin yanında olub, Ordumuza ruh yüksəkliyi gətirən dəstək göstəriblər. Hər bir soydaşımız bu qələbədən qürur hissi keçirir. Bu şanlı qələbəyə görə müzəffər Ordumuza, şəhid ailələrinə və qazilərimizə borcumuz tükənməzdir. Onlara diqqət və qayğı göstərmək mənəvi borcumuzdur.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.